Sülh, yoxsa müharibə?| Ermənistanın yeni hakimiyyətinin xarici siyasəti – HƏRBİ EKSPERT

2018/06/234234_1528111996.jpg
Oxunub: 4253     19:17     04 İyun 2018    
Məhşur alman strateqi və hərbi nəzəriyyəçisi Karl fon Klauzevits XIX əsrin əvvəllərində deyirdi: “Müharibə sadəcə siyasətin başqa vasitələrlə davamıdır”.

Bu fundamental müddəanı dərk edənlər müharibələrdən həmişə qalib çıxıblar. Müharibəni yalnız döyüş meydanlarında şücaət və mərdlik kimi başa düşən cəmiyyətlər, ya məğlub olub tarix səhnəsindən çıxıb, ya da başqa mənəvi baxışlar sistemi olan cəmiyyətin müstəmləkəsinə çevriliblər. Müharibə vasitələri toplumun gücünə arxayın olaraq, haqsızlıq edənləri hər zaman qələbəyə aparmır. Belə cəmiyyətlər də öz güclərinin mənbəyini düzgün dərk etməyərək, deqradasiya yoluna qədəm qoyurlar. Və son nəticədə ağır məğlubiyyətə düçar olurlar. Bu tezis dünya tarixində hər hansısa bir izi olan bütün cəmiyyətlərə tətbiq olunmaq üçün universaldır.

Bu baxımdan ətrafımızda olan cəmiyyətlərin siyasətini izləmək bizim üçün öz ailə büdcəmizi izləmək qədər vacibdir. Çünki onların siyasətinin nə vaxt müharibəyə, həmin müharibənin isə nə vaxt hərbi zərbəyə çevriləcək anını ötürə bilərik. Bu isə düşmənin gücündən asılı olaraq, tam məhv olmaqdan tutmuş, ölümcül yara alaraq, uzun müddət sağalmağa qədər müxtəlif nəticələrə gətirib çıxara bilər. Şikəst olub, mübarizə əzmini və qabiliyyətini itirmək də istisna olunmur.

Yaxın tariximizdə artıq bu yolu bir dəfə keçmişik. Erməni cəmiyyətinin bizə qarşı 1918-ci ildə başladığı müharibənin 1920-ci ildə bitdiyini yəqin edərək, onun aparılmasından vaz keçmişik. Bir çox orta şərq və müsəlman xalqlarının müharibəyə düzgün sosial-ictimai qiymət vermədiklərinə görə düşdükləri vəziyyətə düşmüşük.

Halbuki, bizə qarşı tam və total müharibəyə xas olan hərəkətlər göz qabağında idi.

1) 1921-ci ildə Azərbaycana rəhbərlik edən yerli Kommunist partiyasının qardaş hesab etdiyi Ermənistan kommunist partiyasının Qarabağa ərazi iddiaları;
2) İrəvan şəhərində bizim xalqın mövcudluğuna işarə vuran tarixi abidələrin artıq 1930-cu illərdə tam məhv edilməsi və şəhər tikililərinin Urartu tarixi motivləri əsasında yamsılayıcı psevdo tarixi müasir tikililərlə əvəz olunması;
3) Ermənistan SSR-dən müxtəlif dövrlərdə böyük azərbaycanlı kütlələrinin əsassız bəhanələrlə deportasiya olunması;
4) Kollektiv şəryaxma yolu ilə Azərbaycan ziyalılarının “pantürkizm”də günahlandırılaraq məhv edilməsi.


Həmin dövlərdə iş o yerə çatmışdı ki, həmin ziyalıların türk etnosuna aidiyyəti vacib deyildi. Vacib şərtlər həmin ziyalının dövlətdə və cəmiyyətdə nüfuzu, əhalinin ona qarşı sevgisi idi.
Bu kollektiv şəryaxma metodu hal-hazırda sosial şəbəkələrdə də geniş istifadə olunur. Fərq yalnız ondadır ki, həmin vaxtlar insanların elektron akkauntları yox, özləri fiziki şəkildə ləğv edilirdi.

Əlbəttə, bizə qarşı aparılan müharibədə zərərçəkən tərəf olmağımızı, anlama qabiliyyətimizin zəifliyini ilə izah etmək sadəlöhvlük olardı. Düşmən, Sovet İttifaqı kimi nəhəng bir ölkənin repressiya mexanizmini bizə qarşı çevirə bilmişdi və ondan səmərəli istifadə edirdi. Bütün bunları anlayıb geniş əhali kütləsinə çatdıra biləcək nüfuzlu ziyalılar ilk növbədə məhv edilirdi.

Nə üçün düşmən Sovet İttifaqının repressiya maşınından səmərəli istifadə edə bilirdi, biz isə yox? Bu başqa mövzudur. Hal-hazırda nəzərdən keçirdiyimiz mövzunu əlavə araşdırmalarla yükləmək, yazının kefiyyəti baxımından məqsədəuyğun olmazdı. Bir izahını elə burada yazdıq. Düşmənin ilk zərbələri cəmiyyəti arxasınca apara biləcək ziyalılara yönəldilirdi. Bununla da onlar bizim müdafiə üçün ictimai beyin mərkəzi yaratmaq qabiliyyətimizi iflic edirdilər.

1988-ci ildə isə, Klauzevitsin söylədiyi müddəada olduğu kimi, müharibəni başqa vasitələrlə 1920-ci ildən başlayan düşmən, tam hazırlıqsız olan cəmiyyətimizə müharibənin güc vasitələrini tətbiq etməyə başladı. Əlbəttə ki, müharibəni bizdən 68 il qabaq başlamış düşmən bəzi müvəqqəti üstünlüklər əldə edə bildi ki, bunda da təəccüblü bir şey olmamalıdır.

Deyilənləri nəzərə alaraq, düşmən düşərgəsində gedən bütün siyasi proseslərə diqqətlə nəzər yetirməyimiz vacibdir. Vaxtilə onlar bizim ölkədə gedən ən cüzi ictimai-siyasi prosesləri diqqətlə izləyərək, güclü əks-tədbirlər həyata keçirib, cəmiyyətimizin mədəni və siyasi inkşafını yubatmağa, onun düşünən elitasına özgə əli ilə zərbə vurmağa nail olmuşdular. Hal-hazırda onlarda gedən ictimai-siyasi proseslər analoji məqsədlər üçün bizdə də maraq doğurur.

Diqqətimizi çəkən məsələ yeni hakimiyyətə gəlmiş Paşinyan hökumətinin dövlət müstəqilliyinin 100 illiyi qeyd olunan dövlət mərasiminə parlament rəhbərliyinin dəvət olunmaması idi. Bu barədə parlamentin vitse-spikeri və Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov erməni KİV-lərinə belə kinayə dolusu reaksiya verib: “Sərdarabadda keçirilən birinci respublikanın ildönümü mərasiminə parlamentin sədri Ara Babloyanın və onun müavinlərinin dəvət olunmamasını dövlətin ali orqanına hörmətsizlik kimi qəbul edirik. Bu biabırçılığa görə Paşinyan üzr istəsəydi, paqonları düşməzdi. Əvəzində isə o özünü heç nə olmayıbmış kimi aparır.

Əgər hökumətdəki kolleqalar hesab edirlər ki, biz onların bütün qərarlarına əl çalmalıyıq, dərindən səhv edirlər. Onlar çox arzulayırlar ki, payızda növbədənkənar parlament seçkiləri keçirsinlər. Lakin biz onların arzularına yox, dövlətin konstitusiyasına xidmət edirik. Konstitusiya isə ilk öncə yeni hökumətdən iyun ayının birinədək iş proqramı tələb edir ki, 7-8 iyunda səsvermə yolu ilə bu proqrama öz güvənimizi bildirək. Biz Paşinyanın arzuları və ambisiyalarını əldə rəhbər tutmuruq. Biz konstitusiyamızı əldə rəhbər tuturuq. Əgər onun proqramı parlamentdə qəbul edilərsə, qalan məsələləri sonra müzakirə etmək olar”.

Bundan əvvəl Ermənistan Respublika Partiyasının parlament çoxluğunun fraksiya sədri Vaqram Baqdasaryan bildirib ki, ölkə konstitusiyası növbəti seçkilərin yalnız 2022-ci ildə keçirilməsini mümkün edir.

Yuxarıda göstərilənlərdən aydın olur ki, erməni siyasi qüvvələri arasında hakimiyyət çəkişməsinin kulminasiyası hələ qabaqdadır. Ermənistan respublika partiyasının deputatları qanuni yolla əldə etdikləri mandatlardan Paşinyanın və onun tərəfdarlarının iradəsinə rəğmən imtina etməli, ya da öz hüquqlarını qəti şəkildə qorumalıdırlar. Parlament çoxluğu qazanmış partiya heç də zəif qüvvələri təmsil etməyən, lazım gələrsə, özünü silahlı müdafiə etməyi bacaran bir toplumdur. Həmin nöqteyi-nəzərdən, ölkədə hakimiyyət böhranı uzun çəkə bilər.

Eduard Şarmazanovun Nikol Vovayeviç Paşinyandan parlamentin bəyənməsi üçün tələb etdiyi hökumət proqramının bəzi tezisləri sətirarası oxunuş üçün geniş materiallar verir.

Parlament çoxluğunun təhdidinə rəğmən, iyunun 1-də Ermənistan hökuməti parlamentə təqdim etmək üçün hökumət propramını hazırlayıb və baş nazirin qolu ilə təsdiqləyib.

Ermənistan parlamentinin sədrinə təklif edilib ki, 7 iyun saat 11:00-da gündəlikdə bu proqramın da təqdislənməsinin nəzərdə tutulduğu parlamentin növbədən kənar iclası çağırılsın.

Hökumətin proqramına daxil olan xarici siyasət çərçivəsində Ermənistanın (həm də işğal altında olan Qarabağ) təhlükəsizliyinə dair müddəalar olduğu kimi aşağıda təqdim olunur:

“Hökumətin yürütdüyü xarici siyasətin əsas məqsədi Ermənistanın suverenliyinin qorunması, Ermənistan və Qarabağın təhlükəsizliyinin təmin olunması, Ermənistanın beynəlxalq nüfuzunun artırılması, bütün ölkələrlə qarşılıqlı maraq əsasında münasibətlərin qurulması, beynəlxalq və bölgədəki proseslərdə Ermənistanın iştirakının artırılması, ikitərəfli və çoxtərəfli formatlarda Ermənistanın sabit inkişafına və Qarabağa sərmayə yatırımı layihələrinə təşəbbüskarlığa yönəlmiş aktiv fəalliyyətlərin həyata keçirilməsindən ibarətdir”.
Xarici siyasət sahəsində hökəmətin səy göstərəcəyi istiqamətlər:
- ATƏT-in Minsk qrupunun həmsədliyi formatında Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll edilməsi istiqamətində beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanan, xüsusilə də xalqların öz müqəddəratını təyin etmək hüququnu təmin edən prosesi həyata keçirəcək. Ermənistanın danışıqlar prosesində prioritetləri Qarabağın statusu və təhlükəsizliyinin təmin edilməsidir;
- Hökumət əmin edir ki, danışıqların effektivliyini artırmaq üçün sülh mühiti və tərəflərin təcavüzkar ritorikadan çəkinməsi vacibdir;
- Hökumət, münaqişənin əsas tərəfi olaraq Qarabağın həlledici bir səsə malik olmasını və real davamlı sülh prosesində iştirak etməsinin vacib olduğunu bir daha təsdiqləyir;
- Ermənistanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü daha səmərəli etmək;
- Əsas prioritetlərimiz arasında olan məqsədi, Rusiya ilə müxtəlif sahələrdə strateji müttəfiqlik əlaqələrini inkişaf etdirmək;
- Ermənistan-Rusiya münasibətləri dostluq, bərabərlik, birgə məsələləri həll etməyə hazır olma əsasında qurulmalıdır. Hökumət Ermənistanın Rusiyaya olan hərbi əməkdaşlığını Ermənistanın təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi hesab edir;
- Amerika Birləşmiş Ştatları ilə müxtəlif sahələrdə dostluq əlaqələrini gücləndirmək;
- Hökumət Ermənistanın inkişafı və islahatları gündəminə dəstək verilməsi istiqamətində ABŞ-la tərəfdaşlığı dərinləşdirməyi planlaşdırır;
- İran və Gürcüstanla müxtəlif sahələrdə sıx əməkdaşlıq edən yaxın qonşulara xas olan, digər geosiyasi təsirlərdən azad olacaq, xüsusi əlaqələrin inkişaf etdirilməsi;
- Çin, Hindistan və Yaponiya ilə siyasi və iqtisadi əlaqələri inkişaf etdirmək və dərinləşdirmək;
- Yaxın Şərqdəki tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək.
Çoxtərəfli platformalarda, hökumət vacib hesab edir:
- Ermənistanın BMT-də, ATƏT-də, Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda ən aktiv iştirakı və Ermənistan Respublikasının maraqlarının qorunması;
- MDB çərçivəsindəki əməkdaşlıda fəal iştirak etmək, MDB ölkələri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi.


Ümumən götürdükdə, bu proqramın son 25 ildəki Ermənistan hökumət proqramlarından mühüm bir fərqi yoxdur. Qarabağ barəsində məlum demaqoqiya və ən yaxın qonşuları Azərbaycan və Türkiyə istisna olmaqla, bütün dünya ilə dostluq və qardaşlığa can atmaq. Minsk qrupu üzvlərinin yardımı ilə Azərbaycandan hər bir şəraitdə güc aksiyasına əl atmamağa qarantiya alınması, beynəlxalq hüququn fundamental prinsipləri olan xalqların öz müqəddəratını təyin etmə hüququ və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsiplərinə yarımçıq, ikili baxış və s.

Lakin bu proqramda bəzi yeniliklər də var. İkinci dərəcəli yeniliklərdən başlayaq.

MDB ölkələri ilə ikitərəfli münasibətlərin daha vacib olması vurğulanır ki, bu da diplomatik və kargüzarlıq dilindən tərcümədə Avroasiya İqtisadi Birliyinin strukturlarından uzaqlaşaraq, ikitərəfli müqavilələrə daha daha çox üstünlük vermək çağırışıdır. Bu siyasət uzun illər Rusiyanın həyata keçirməyə çalışdığı bir planı sabotaj etmək deməkdir. Özü də ikiüzlü sabotaj. Məsələn, Azərbaycan və Özbəkistan hökümətləri bu ittifaqa daxil olmayacaqlarını əvvəlcədən bildirmişdilər. Rusiya rəhbərliyi bundan sevinməsə də, həmin ölkələrlə münasibətlər başqa əsaslar üzərində qurmağa başlandı. Lakin bu ittifaqa daxil olmasına görə müxtəlif preferensiyalar tələb edərək, onu artıqlaması ilə almış bir ölkənin sabotaj siyasəti Rusiya tərəfindən tam başqa formada qiymətləndirilə bilər.

Yaxın Şərqdə Ermənistanın tərəfdaşları ilə daha yaxın əlaqələr qurulması vurğulanır. Yenə də diplomtik dildən tərcümə etsək, Paşinyan öz hökumətinin bu istiqamətdə aktivləşməsinə söz verir. Suriya, Livan və Fələstin muxtariyyəti kimi ənənəvi erməni partnyorları ilə onsuz da sıx əlaqələrin olmasını nəzərə alarsaq, bu burada əsas istiqamətin İsrailə kökləndiyini görərik. Lakin bu “Ezop dili”, çox ehtimal ki, sözügedən ərəb partnyorlarını və Rusiyanı qıcıqlandırmamaq məqsədi güdür. İsrail və Türkiyə arasında müəyyən siyasi anlaşılmazlıqlar fonunda, yeni Ermənıstan hökuməti İsraildən hansısa yardım ala biləcəyinə ümid edir. İlk baxışdan məntiqi gediş olsa da, strateji məqsədlərini taktiki məqsədlərinə qurban verməyən İsrail siyasi rəhbərliyindən hansısa yardım gözləmək, əsasən də Ermənistan üçün əbəsdir.

Yenə də “Ezop” dili ilə qeyd olunur ki, yeni hökumət “Ermənistanın Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatında iştirakının səmərəliliyini artırmaq” işlərini görəcək. Əslində bu tezislə Paşinyan hökuməti, erməni cəmiyyətinin populist fikirlərini yəhərləyərək, onun dahilik maniyasını ifadə edir. Mənası isə budur ki, əgər biz hərbi müttəfiqləriksə, öz müttəfiqlərimizə Azərbaycan və Türkiyə ilə hərbi əlaqələrini qadağan edə bilmək imkanımız olmalıdır. Bu fikir onu göstərir ki, erməni cəmiyyəti dünyada öz rolunu təhlil edib dərk edə bilməyib. Bu məntiqlə onun dünyada hər bir ölkə ilə problemi yarana bilər. Sadəcə biz ən yaxın qonşu olduğumuzdan, bu problemlər bizimlə münasibətdə özünü tam dolğunluğu ilə büruzə verir. Bu ölkəyə hərbi bloka daxil olan ölkələrin çəkisinin və rolunun müxtəlif olmasını dərk etmək prosesi gözləyir. Qısa şəkildə - tarix kitablarını açıb, indiyə qədər yaradılmış hərbi-siyasi bloklar haqqında oxumaq kifayətdir. Əlbəttə, Ermənistan elitasının ucdantutma savadsız olmasını düşünmək sadəlövhlük olardı. Tarixdə yerini və rolunu dərk etməmək, savadın zəifliyindən daha çox, özünün xüsusi missiya daşıyıcısı olub, başqalarından üstünlük nəzəriyyəsi çərçivəsində tərbiyənin nəticəsidir.

Maraqlı tezis Rusiya ilə münasibətlər barəsindəki tezisdir. Birincisi, iqtisadi məsələlərdə Avrasiya İqtisadi Şurasının təsisçilərindən biri olmaqla, Amerika Birləşmiş Ştatlarından iqtisadi islahatlar üçün maliyyə və təşkilati yardım almaq təşəbbüsü, ikincisi, özünü Rusiyanın dövlət təhlükəsizlik sisteminin mühüm hərbi komponenti hesab edərək, bu ölkədən hərbi yardım gözləməklə yanaşı, ABŞ və NATO-nun hərbi strukturları ilə əməkdaşlığa can atması kimi məntiqsiz bir yol. Başa düşülən dilə çevirdikdə, Rusiyanın bu ölkənin hərbi təhlükəsizliyini təmin etməsinə borclu olduğu iddia olunduğu halda, onun Rusiya qarşısında bir öhdəliyinin olmaması vurğulanır. Çox gülməli və axmaq iddia olmaqla yanaşı, strateji partnyorunun axmaq olması barədə əbəssiz inamdan irəli gələn bir mövqedir. Ümidvarıq ki, strateji müttəfiq bu ikiüzlülüyü “layiqinçə qiymətləndirəcək».

Bizim ölkə üçün isə ən önəmli tezis, Paşinyan hökumətinin Dağlıq Qarabağda Ermənistanın yaratdığı oyuncaq hökumətin Minsk Qrupu çərçivəsində gedən danışıqların bir subyekti olmasını tələb etmək iddiasıdır. Əlbəttə, bu futbol finti artıq 25 il davam edən danışıqları daha qeyri-müəyyən vaxta uzatmaq cəhdindən başqa bir şey deyil. Əslində bu təklifi, Ermənistan qoşunları Dağlıq Qarabağdan və işğal olunmuş rayonlardan çıxarılaraq, dövlət sərhəddini öz nəzarətinə götürdükdən sonra, legitimliyi olmayan Dağlıq Qarabağın özünüidarəetmə hakimiyyətini azərbaycanlı icmasının iştirakı ilə legitimləşdirərək, ikitərəfli danışıqlar aparmağı ilk dəfə Azərbaycan hökuməti edib. Bu məsələdə heç bir Paşinyan orjinallığı yoxdur. Lakin Ermənistan hökuməti işğal siyasətindən əl çəkmək istəmədiyinə görə bu təklifi həmişə özü sabotaj edib. Ona Qarabağın erməni icmasının mənafeyi yox, özünün ərazi cəhətdən genişlənməsi kimi problem narahat edir. Erməni xalqının dövlətçiliyindəki 1600 illik probel onun dünyagörüşündə dərin izlər salıb. Dövlətçilik ənənələri antik dövrlərdə kəsilmiş bu xalq, çox ehtimal ki, öz dövlətinin inkşaf yolunu orta əsr dövlətləri kimi ərazi əldə etmək sayəsində görürlər. İşğalçı müharibə başlamasaydı, bizim ölkənin daxil olacağı beynəlxalq qurumlar və müqavilələr Qarabağın erməni əhalisini heç də Ermənistandan pis qorumayacaqdı.

Əgər erməni hökumətinin bu formata qayıtmaq fikri varsa, Azərbaycan tərəfi bunu tam alqışlayar. Yox, əgər özünün qoşunlarını, hökumət idarə strukturlarını və maliyyə-bank sistemini orada saxlamaqla, oyuncaq hökumətə subyekt rolu tələb edəcəklərsə, bu durum oyuncaq rejimin statusunun gülünc görünməyindən əlavə, danışıqlardan boyun qaçırmaq anlamına gələcək. Azərbaycan hökumətinin hərbi yolla müdaxiləsini yalnız Ermənistan tərəfinin sülh danışıqlarına hazır olması şərti dayandırır. Qarşı tərəfdə sülh məramının olmaması, Azərbaycanın güc yolu ilə Ermənistan ordusunu öz ərazisindən qovaraq, öz vətəndaşları ilə birbaşa dialoq qurması üçün əsaslı səbəb yaradacaq. Əgər Paşinyan hökuməti belə şəraiti yaxınlaşdırmağa çalışarsa, ölkəmizə böyük xidmət göstərmiş olacaq. Çünki keçmiş erməni hökumətləri danışıqlar prosesini yubatmaqla, vaxt udmağa çalışırdılar ki, bəlkə bu zaman ərzində Qarabağda dayanaqlı bir iqtisadi idarəetmə sistemi qura bilsinlər.

Lakin erməni əhalisi nəinki Qarabağda, hətta onun hər bir sahədə donoru olan Ermənistanda yaşamağı arzulamayaraq, başqa ölkələrə mühacirəti daha üstün tuturlar. Nəticədə, Qarabağ Ermənistan üçün əlavə resurs mənbəyi olmaq əvəzinə, onun onsuz da kasıb resurslarının israfçısına çevrilib.

Artıq zaman Azərbaycan xalqına işləyir və Ermənistanın üç yolu var:

1. Azərbaycanla həqiqi sülhməramlı danışıqlara başlayıb, müharibəyə son qoymaq. Bir-birinin üstün cəhətlərindən bəhrələnərək, hər iki ölkəni inkşaf etdirmək və Qarabağın hər iki icması daxil olmaqla, əhalisinin rifahını qaldırmaq;
2. Danışıqlarda vaxtı uzadaraq, öz iqtisadi və siyasi kollapsına qədər gözləmə (Azərbaycanın hövsələsi çatdığı ana qədər) mövqeyi tutmaq;
3. Azərbaycanla müharibəyə başlamaqla, bəxtini sınamaq.


İsraillə Türkiyəyə qarşı separat müqavilə bağlayaraq, həmin ölkənin dağılmasından bəhrə gözləmək, Rusiyanı hərbi gözətçisi saxlamaqla, ABŞ-ın xarici siyasətini özünə yardımçıya çevirmək kimi “Manilov layihələri” isə özünü aldadıb, məhvə aparmaqdan başqa bir şey deyil. Əgər bu ümidlər nə vaxtsa reallaşarsa, imkanları və resursları daha çox olan düşmənlər, özləri dağılmazdan əvvəl Ermənistan dövlətinin yasında halva paylamağa da imkan tapacaq.

Maraqlısı budur ki, Ermənistan parlamentində çoxluğu təmsil edən Respublika partiyası bu planları qəbul etməsə, gözləyib vaxt uzatmaqdan savayı, özünün daha düşünülmüş alternativ planı mövcud deyil. Ermənistan əhalisi isə hal-hazırda yaşamaq, yemək, geyinmək və dəyərli istirahət etmək arzulayır. Bəlkə də onlara söz versələr ki, 10-20-30 il dözün, Qarabağı “öz ayağımıza keçirib”, sonra sizin şad-firavan yaşamağınızla məşğul olacağıq, qəhrəmanlıq nümunələri ilə dolu olan milli tarix kitablarına sitayiş edən bu xalq gözləməyə razı olar. Lakin belə bir “özəlləşdirmə” yüzilliklər keçsə də mümkün olmayacağından, əhalini aldatmağa cürət edənlərin sayı da azalır.

Yaxın illərdə bu sahədə əsaslı dəyişikliklər gözləyirik. Əlbəttə, bu dəyişikliklərin sülh yolu ilə olması daha arzulanan olardı. Tarix boyu ən qatı düşmənlər də əvvəl-axır barışıblar. Lakin Azərbaycan cəmiyyəti və hökuməti Vətən torpaqlarını azad etmək yolunda müharibə etməyə hər an hazırdır.

Hərbi ekspert Vüqar Miraslanov
Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin